Tez-tez uşaqlıq şəkillərimə qayıdıram. Niyəsə o uşağa yazığım gəlir. Bir dənə də olsun gülən yerdə şəklim yoxdur. Sanki hər dəfə qırılmış ürəyimi ovutmaq üçün bir şəkil çəkiblər. Ağlayan uşağı gözlərindən tanımaq o qədər asandır ki. Biz onu böyüdükcə gizləməyə başlayırıq. Şəkillərimdəki o uşaq heç birində gizlədə bilməyib. Eyni köynəydə, eyni şalvarda, əlindəki eyni oyuncaqla. Şalvarını sinəsinə kimi çəkib, qarnını qabağa verən üzü həmişə çirkli olan o uşaq.
Görəsən bu şəkildə nəyə ağlayırmışam? Ya bu şəkildə? Burda…Bu yadımdadır deyəsən. Topumu itirmişdim. Balaca top idi. Tapa bilmirdim. Heç kim də tapmağa kömək eləmirdi. Günlər sonra qonşumuz bizə gələndə ondan kömək istəmişdim. O da xeyli axtarandan sonra tapıb vermişdi. Evimizdəki ən yad adam. Bəlkə də buna görə onun elədiyi bu yaxşılığı 25 ildən çoxdur ki, unutmuram. Necə ki, mənə kömək eləmədiklərini unutmamışam. Balaca uşaq… Nə istəyir ki, balaca uşaq? Biraz qayğı, biraz da qayğı…
Arabir fikirləşirəm. Mənim bu uşağa yazığım gəlir, yoxsa ona əsəbiyəm? Niyə bağırmadığına, niyə ona kömək etməyənlərin yaxasından tutmadığına görə. Axı o uşaq belə də böyüdü… Getdikcə daha çox qorxdu qışqırmaqdan, istədiyi almaqdan. Uşaqlığımızı üstümüzdə o qədər daşıyırıq ki, biz boyda adamlar. Bütün yaraları ilə, bütün hədələri ilə, bütün qorxuları ilə bir yerdə.
Deyəsən mən o vaxtdan sevə bilmirəm elə. Necə sevməyi də bilmirəm. Bacarmıram. Elə bilirəm məni sevən adam birinci o uşağı sevməlidir. Elə bilirəm bugün xoşbəxt olsam o uşaq eləcə ağlayaraq baxır o illərdən mənə. Necə xoşbəxt bir bədbəxtçilikdir…
Heç kimi sevə bilməmək. Heç kimə öz sevgini qıya bilməmək. Heç kimin sevgisini başa düşməmək. Ya da çox gec anlamaq. Çox gec… Stolum o qədər dağınıqdır ki, bu yazını yazmaq üçün kompyuterimə güclə yer etmişəm. Gecə pəncərə də açıq qalıb. Küləy külqabıdakı bütün külü stola səpələyib. Yazdıqca ağlıma o gəlir. Mənə zərrə-zərrə, aylarla, illərlə sevməyi öyrədən adam. Mənim onu o qədər incitməyimə baxmayaraq. Deyəsən uşaqlığıma gedib çatan tək olub həyatımda. Bu gənc yaşında, yaşlı anamın, atamın getdiyindən daha çox yol getdi uşaqlığıma. Çünki mən boyda adamı eləcə uşaq kimi danlayırdı. Yaxamdan tutub mənə sevməyi öyrətmək istəyirdi. O elə gözəl idi ki. Elə gözəl baxırdı ki… Və mən onun yanında o qədər yaşlı idim ki. Ən çox da buna görə qaçırdım, gizlənirdim bəlkə də. Sevgi bəzən ağappaq qar topasına oxşayır. Ona heyran olursan. Amma ovcuna alanda o qədər əsirsən ki, əllərin indi onu əridəcək deyə. Hər nə qədər isti əllərin olsa da. Onun şıltaqlığı, gözəlliyi, gülüşü… Bütün ağırlığımla ona kölgə salırdım eləbil. Ya da birgün onun bezib getməyindən çox qorxduğumdan getdim deyəsən. Bu qədər ildə bir iki xoş xatirə yadımda qalıbsa onların da hamısında o var elə. Onun qısa dalğalı saçları, zərif çiyinləri, ağ kağız kimi dərisi, balaca dodaqları. Qara rəng elə yaraşırdı ki.
Bomboz otağın, boz divarlarının içində rəqs edirdik. Bir şüşə içən kimi gülməyə başlayırdı. Gülməyə başlayan kimi sərxoş olurdu. Sərxoş olan kimi boynuma sarılırdı. Bax mənim sərxoşluğumda məhz onda başlayırdı.
Adı Pərvin idi. Necə unuda bilərəm ki… Aylardır adını sayıqlayıram. Gəzirəm gəzdiyi küçələri, gəzirəm gəzdiyimiz küçələri. Tapa bilmirəm. Gedəndə bir də onu axtarmamağımı istəmişdi məndən. Axtarıb tapsam necə olacaq? Nə deyəcəm? Necə inandıracam… Telefonumdakı mahnını qoşuram. Siqaretimi yandırıram. Bu mahnını son vaxtlar kəşf etmişəm. Sözlərində o qədər varıq ki…
Gözlərini yum və yat,
Çox fikir eləmə.
Ürəyin olar rahat,
Yuxuna gələcəm yenə.
Danışacam sənə hər şeyi
Öyrəndim sevməyi
Səni görməsəm belə
Ürəyimdədir yerin…
Onunla sevişmələrimizi xatırlayıram. Dodaqlarında yenidən doğulurdum eləbil. Ovuclarım ona dəydikcə bütün ağrılarım, bütün yorğunluğum, bütün qəmim-kədərim… Yenidən doğulurdum. Günlərlə üstümdə ətri, qulağımda səsi. Yazdıqca xatırlayıram. Xatırladıqca yazıram. Mən sevmişəm. Mən çox sevmişəm deyəsən. Həddindən artıq çox…
Günəşin batmağından,
Sənə sarılmağımdan,
Gecələr yatmağımdan
Danışacam sənə hər şeyi
Necə keçdi günlərim
Necə keçdisə bilmədim
Küçələrdə gəzdiyim,
Gecələrdən istəyim…
Ona heç vaxt xəyanət etmədim. Bir dəfə olsun belə. Bir kəlimə belə. Amma onu incitdim. O məni sevəndə onu mənsiz qoydum. Çox həm də. Sanki sevgiyə ehtiyacım olanda axtarırdım onu. Yorulan kimi, başımı itirən kimi ona sığınırdım. Belə olmamalıydı. O mənə bunu dəfələrlə demişdi. Mən isə..Həminki mən…
Sonradan öyrəndim müəllimliyə başladığını. Həmişə buna çalışırdı. Eşidəndə çox sevindim. Öyrətmək ona o qədər yaraşırdı ki. Mənə sevgini də o öyrətmişdi elə. Bunu gec anlasam da. Nazik geyinirdi həmişə. Mən də ona bunu öyrədə bilmirdim. Burnu qızarırdı soyuqdan. Əlləri buz kimi olurdu.
İstərdim gələsən
Ürəyimi görəsən
Necə yağırdı yağışlar
Məni bağışla, məni bağışla…
Bəzi şeyləri qaytara bilmirik. Uşaqlıq kimi. Əlimiz çatmır. Eləcə içində göynəyir xatirələri. Bilirsən, sən gedəndən sonra bir şəklimi tapdım. İtirdiyim topun arxasıyca iməkliyəndə masanın altında çəkilən şəklimi. Bəlkə də o yad adamın topu mənə verməyindən sonra çəkilib bi şəkil. Heç vaxt üzümə gülməyən atamın ovuclarındakı aparata baxıb gülümsəyirəm.
İtirdiyim sevgini mənə tapıb gətirən yad qızı… Heç vaxt üzümə gəlməyən həyata baxıb gülürürəm indi. Bir sən yoxsan. Bir biz yoxuq. Öyrətdiklərinlə səni gözləyirəm. Danışacam sənə hərşeyi…
https://www.instagram.com/tv/CWV99qrgYUC/